SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

“Hətta valideynlər belə inanmırdı ki, uşaqları sağalacaqdı” - FOTOLAR

5-03-2019, 19:22 | Oxunub: 44 |

“Hətta valideynlər belə inanmırdı ki, uşaqları sağalacaqdı” - FOTOLAR"Baku Medical Plaza”nın Uşaq Reanimasiyası və İntensiv Terapiya şöbəsinin fəaliyyətə başlamasından bir il ötür.

Bu əlamətdar gün münasibətilə "Baku Medical Plaza”da şöbənin kollektivi, bu şöbədə müalicə olunmuş uşaqların valideynləri və media mənsublarının iştirakı ilə geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan şöbənin müdiri, Uzman Dr. Erkin Rəhimov bildirib ki, onlar kifayət qədər ciddi və məsuliyyətli, lakin şərəfli bir missiyanı yerinə yetirirlər: "Baxmayaraq ki, cəmi 1 ildir fəaliyyətdəyik, bir çox ağır vəziyyətdə klinikamıza gətirilən uşağın sağalmasına və normal həyatlarına dönmələrinə nail olmuşuq. Ölkəmizdə pediatriyanın digər sahələrinin kifayət qədər yaxşı inkişaf etməsinə baxmayaraq uşaq reanimasiya ilə əlaqəli ciddi problemlər hələ də davam edir. Pediatriyanın yan sahələrində illərdir müvəffəqiyyətli işləri davam etdirməyimizə baxmayaraq uşaq reanimasiyası şöbəsi bizim (1 aydan yuxarı olan uşaqlar üçün) xəstəxanada yox idi. Bəzən şöbədə yatan xəstələrin vəziyyəti pisləşirdi, bəzən klinikamıza ağır xəstələr gətirilirdi. Ona görə də qərara gəldik ki, günün bütün saatlarında fəaliyyətdə olan bir şöbə yaradaq və pediatriyanın bütün ixtisaslı həkimlərini, cərrahlar, radioloqlar, anestezioloqlar və digər mütəxəssisləri bir araya toplayaq. Şöbəni ən müasir tibbi avadanlıqlar və peşəkar heyətlə təmin etdik. Bu sahə az inkişaf etdiyi üçün həkimlərimizi və tibbi personalımızı daha da maarifləndirmək üçün ixtisaslaşma kurslarına göndərdik”.

Erkin Rəhimovun sözlərinə görə, indiyə qədər həmin şöbədə 86 uşaq müalicə olunub ki, onlardan 82-si tam sağlamlığına qovuşublar: "Onlar bizə müraciət edəndə çox ağır vəziyyətdə idilər. Açıq deyəcəm, hətta valideynlərin əksəriyyəti inanmırdı ki, onlar sağalacaqlar. Lakin biz həmin 86 xəstədən 82-ni həyata qaytara bildik. Reanimasiya şöbəsində xəstə itkisi halları mümkündür. Bu dünyanın hər yerində belədir və nəzərə almaq lazımdır ki, bizə müraciət edən xəstələrin vəziyyətləri olduqca ağır olur. Bu gün onlardan bəziləri bizim keçirdiyimiz konfransda iştirak edirlər. Mən fürsətdən istifadə edib bu uşaqların valideynlərinə təşəkkür edirəm ki, bu tədbirə qatıldılar.”

Bizim 3 filialımızda ümumilikdə 35 pediatr, uşaq cərrahları, beyin cərrahları, ortoped-travmatoloqlar, uşaq radioloqları, 250 tibb bacısı, 3 neonatal reanimasiya, 1 pediatrik reanimasiya və aktiv stasionar fəaliyyət göstərir.

Qarşıdakı dönəmdə biz şöbənin fəaliyyətini genişləndirmək və əldə etdiyimiz təcrübəni bölüşmək niyyətindəyik. Biz böyüyən bir ailəyik və məqsədimiz xalqımıza daha da müasir xidmət göstərməkdir.

Ölkə mətbuatına da çağırış edən Dr. E. Rəhimov bildirdi ki, media qurumları və jurnalistlər səhiyyə ilə bağlı yazılarında diqqətli olmalıdırlar: "Bəzən elə valideynlər olur ki, onlar övladlarının sağlamlığı ilə bağlı bizə müraciət edirlər. Biz onlara uşağın hazırki durumunun ağırlığını dərindən izah edirik. Onlar da bizimlə razılaşırlar. İstəməsək də bəzən mənfi nəticə olduqda onlar sonradan hansısa yollarla mətbuata çıxır və bizə qarşı əsassız fikirlər səsləndirirlər. Bəzi mətbuat orqanları da heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini dinləmədən həmin həkimə və xəstəxanaya qarşı qarayaxma kampaniyasına başlayırlar. Heç şübhəsiz bu amil biz həkimləri ruhdan salır. Hətta bəzən olur ki, ağır xəstələri qəbul etmək istəmirik. Lakin biz həkimik və bizə müraciət edənləri diqqətdən kənara qoya bilmərik. Çünki insan həyatından söhbət gedir. Bu cür hallar ölkə həkimləri arasında məyusluq yaradır və onlara qarşı anti-reklam kampaniyası aparmaqla, siz özünüz də bilmədən ağır xəstələrin həyatı ilə oynamış olursunuz. Mən buradan üzümü ölkə mətbuatının nümayəndələrinə tutub onlara çağırış edirəm. Hər hansı həkimin fəaliyyəti ilə bağlı sizə şikayət varsa, mütləq həmin həkimin mövqeyini də dinləyin, bununla bağlı geniş araşdırma apardıqdan sonra dərc edin. Nəticədə xüsusi qurulmuş bir komissiyanın rəyi olmadan həkim səhvindən danışmaq düzgün deyildir.”

Dr Erkin Rəhimov sonda bildirib ki, bu günü qeyd etməkdə məqsədimiz cəmiyyətdə maarifləndirməni artırmaq və uşaqları ağır vəziyyətdə olan valideynlərə ümid olmaqdır: "Biz inanırıq ki, vəziyyətindən asılı olmayaraq hər bir uşağın yaşamaq haqqı vardır. Hər sağlam körpə gələcək üçün bir ümiddir. Biz uşaqların sağalması üçün gecə-gündüz fəaliyyət göstərməyə davam edirik.

Şöbənin bir illik fəaliyyətini əks etdirən slaydın nümayiş olunduğu tədbirdə vaxtilə bu şöbənin pasienti olan uşaqlara xüsusi hədiyyələr təqdim edilib.

Valideynlər həkimlərə öz minnətdarlıqlarını bildiriblər və həkimlərlə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR