SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Klublarımızın Türkiyə macəraları: Kim, harada, necə hazırlaşacaq?

3-01-2019, 15:34 | Oxunub: 59 |

Klublarımızın Türkiyə macəraları: Kim, harada, necə hazırlaşacaq?Azərbaycan futbol klubları ənənəvi olaraq qış təlim-məşq toplanışını Türkiyənin Antalya bölgəsində keçirəcək.

vetenoglu.info bu münasibətlə klublarımızın Azərbaycan Premyer Liqasının mövsümün geridə qalan hissəsi üçün necə hazırlaşacağını və hansı klublarla qarşılaşacağına dair yazı hazırlayıb.

“Neftçi”

Premyer Liqanın ilk yarısının “çempion”u olan “Neftçi” yanvarın 6-da bir araya gələcək. Komanda bir həftə Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə hazırlıq keçmək üçün yollanacaq. Komanda yanvarın 13-dən 27-dək Antalyanın Manavqat bölgəsindəki “The Sense De Luxe” hotelində qalacaq. Bu məkanın seçilməsi isə təsadüfi deyil. Çünki “Neftçi”nin hazırkı prezidenti Kamran Quliyev vaxtilə “Sumqayıt” klubuna rəhbərlik etdiyi vaxt bu komandanı həmişə bu hoteldə məskunlaşdırıb.

Roberto Bordinin yetirmələrinin Türkiyədə oynayacağı rəqiblərdən ikisi artıq müəyyənləşib. Bunlar yanvarın 18-də “Qaz Metan” (Rumıniya) və 23-də “Slovan” (Çexiya) klublarıdır.

“Neftçi”nin ayın 26-da sonuncu yoxlama oyunu keçirəcəyi bəlli olsa da, həmin tarixdə hansı rəqiblə üz-üzə gələcəyi hələlik bilinmir.

“Qarabağ”

Son Azərbaycan çempionu yenə ənənəsinə sadiq qalaraq hazırlıqlara yanvarın 6-da Türkiyədə başlayacaq. Komanda yenə Antalyanın Bələk bölgəsindəki “IC Santai” hotelini özünə məskən seçib.

Əsas rəqibi “Neftçi”dən fərqli olaraq, “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərinin hamısının adına aydınlıq gəlib. Beləliklə, Ağdam təmsilçisi yanvarın 12-də “Botoşan” (Rumıniya), 16-da “Paxtakor” (Özbəkistan), 19-da “Bohemians” (Çexiya), 23-də “Piast” (Polşa) və 26-da “Şaxtyor”la (Ukrayna) qarşılaşacaq.

“Səbail”

İki texniki qələbə sayəsində üçüncü pillədə qərarlaşmış “Səbail” ötənilki qış fasiləsində olduğu kimi, bu dəfə də Antalyanın Lara bölgəsindəki “Miracle” hotelini özünə məskən seçib. Vaxtilə azərbaycanlı hakimlərin hər qış məskunlaşdığı bu hoteldə qaldığı 12-25 yanvar tarixlərində Aftandil Hacıyevin yetirmələri üç yoxlama matçı keçirəcək.

Rəqiblər yanvarın 15-də Macarıstanın I divizion təmsilçisi “Akvital”, 21-də Qazaxıstan “Kaysar” və 24-də Ukraynanın “Desna” klubu olacaq. “Səbail”in daha bir oyun keçirəcəyi istisna edilmir.

“Sabah”

Türkiyəyə yollanan ən erkən komanda Premyer Liqanın debütantıdır. Dünəndən Larada yerləşən “Titanik” hotelində məskunlaşan Təhsil Nazirliyinə məxsus komanda yanvarın 23-dək qardaş ölkədə hazırlıq keçəcək.

Dörd yoxlama matçından ikisində rəqiblər artıq bilinir. “Sabah”ı yanvarın 16-da Qazaxıstan “Tobol”u, bundan üç gün sonra Macarıstan MTK-sı ilə oyunlar gözləyir. Daha iki rəqibin adına daha sonra aydınlıq gələcək.

“Qəbələ”

“Sabah”la eyni xala malik olan “Qəbələ” yanvarın 6-dan 12-dək Qəbələ və Bakıda hazırlıq keçəcək. Daha sonra komanda Türkiyəyə yola düşəcək. Klubun maliyyə xərclərinin azalması artıq hotel seçimində də öz sözünü deyir. İllərdir Bələkdəki ən yaxşı hotellərdən biri olan “Gloria Serenity”də məskunlaşmış bölgə təmsilçisi indi yerini Laradakı “Trendy”yə dəyişdirib.

Yanvarın 27-dək orada olacaq komandanın rəqibləri də elə güclü komandalar olmayacaq. 16 yanvarda Almaniyanın “Mepen” (II divizion), 20 yanvarda Rusiyanın “Yenisey”, 24 yanvarda eyni ölkənin “Fakel” (I divizion) və 26 yanvarda Macarıstanın MTK klubları “Qəbələ” ilə güclərini sınayacaq.

“Sumqayıt”

Bu komanda yanvarın 13-dən 27-dək Antalyada olacaq. “Sumqayıt” da “Qarabağ” kimi, “IC Santai” hotelini seçib. Komanda dörd oyun keçirəcək. Lakin rəqiblər hələlik açıqlanmayıb.

“Keşlə”

Ölkə kubokunun son qalibi Bələkdəki “Kaya Riu” hotelində yanvarın 12-dən 26-dək qalacaq. “Keşlə” iki il əvvəl adı “İnter” olarkən bu hoteldə məskunlaşıb. Düzdür, indi rəhbərlik və heyət də çox dəyişib.

Qəsəbə klubunun keçirəcəyi dörd yoxlama oyunundan üçündə rəqiblər bəllidir. Bunlar Qazaxıstanın “Okjetpes” (17 yanvar), Rumıniyanın “Konkordia” (23 yanvar) və Rusiyanın II divizion klubu olan “Çertanovo”dur (25 yanvar).

“Zirə”

Premyer Liqanın autsayderi olan Zirə təmsilçisi bu dəfə Bələkdəki “Alva Donna” hotelini seçib. Yanvarın 13-dən 27-dək “Zirə”nin qalacağı bu hoteldə ötən il “Neftçi” qalıb.

“Zirə” yanvarın 15-də ilk matçını Qazaxıstanın “Taraz” klubu ilə keçirəcək. Ayın 18-dəki rəqib “Keşlə” ilə də qarşılaşacaq Rumıniyanın “Konkordia” komandasıdır. Daha iki rəqibin adı sonra bilinəcək.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR